“YAŞAT” Fondu yarandığı andan etibarən operativ sürətdə fəaliyyət göstərir. Bu günədək 13 minə yaxın şəxsin 27 mindən artıq müraciəti qəbul edilərək, öhdəliyə götürülüb və fond bu istiqamətlər üzrə dəstək tədbirlərini göstərir.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.
Onun sözlərinə görə, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 651 yaralı olmaqla ümumilikdə 17 016 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 660 şəxsin 27 276 müraciəti icra üçün öhdəliyə götürülüb.
“Fondun fəaliyyət istiqamətləri üzrə 62 607 238.39 AZN məbləğində vəsait onların müraciətlərinin təmin olunmasına xərclənib”, – deyə o əlavə edib.
R.Cəfərova qeyd edib ki, 12-13 min şəxsin 27 mindən artıq müraciətinin təmin olunması dedikdə bir şəxsin orta hesabla iki və daha artıq müraciətinin təmin olunmasından söhbət gedir.
“Fond maksimum dərəcədə işlədiyi insanların həssaslığını nəzərə alır. Bu proseslərdə əlavə 8110 çağrı mərkəzi fəaliyyətə göstərir. Onlar həm bu vasitə ilə müraciət edə, həm də irad və istəklərini bildirə bilərlər”, – deyə o bildirib
Qazi və yaralıların xaricdə müalicə və psixoloji dəstəklərindən bəhs edən R.Cəfərova ümumilikdə 178 şəxsin müalicə məqsədi ilə Türkiyə Respublikasına göndərildiyini, onlardan 172-sinin ağır yaralı, 6-sının isə şəhid ailəsi üzvü olduğunu vurğulayıb.
“Müalicə alanlardan 156-sı ölkəyə qayıdıb. Hazırda 21 ağır yaralının və bir şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir”, – deyə o əlavə edib.
www.RIA24.az