Qazi: “Tovuz döyüşlərindən sonra cəbhəyə yollanmaq üçün tərəddüd etmədən hərbi komissarlığa müraciət etdim”

Gündəm

“Mən dünyaya gələndə Qubadlı rayonu altı il idi ki, işğal edilmişdi. Valideynlərimin, yaşlıların doğma yurdum haqqında gözəl xatirələrini dinləyərək böyüdüm. O gözəlliklərdən məhrum olduğum üçün düşmənə qarşı nifrət hiss edirdim. Tanıdığım insanlardan torpaq həsrəti ilə dünyadan köçənləri, “Öləndə kəndimizdən torpaq gətirib qəbrimin üstünə atarsınız, ruhum dinclik tapar” deyib vəsiyyət edənləri gördükcə nifrətim ikiqat artırdı.

Birinci Qarabağ müharibəsi şəhidi, Qubadlıdan olan Milli Qəhrəman Əliyar Əliyev haqqında çox eşitmişdim. Elə bir qəhrəmanla eyni rayondan olduğum üçün fəxr edirdim. O qədər təsirlənmişdim ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmək, şəhidlərimizin qisasını almaq düşüncəsi beynimdə kök salmışdı. Tovuz döyüşlərindən sonra isə cəbhəyə yollanmaq üçün tərəddüd etmədən hərbi komissarlığa müraciət etdim. Mən döyüşə tam hazır idim, təkcə “irəli” əmrini gözləyirdim. 2020-ci ilin sentyabrın 27-də isə milyonlarla azərbaycanlının uzun illərdir gözlədiyi an yetişdi. Silahımıza sarılıb torpaqlarımızın azad edilməsi uğrunda irəli atıldıq. Başımızın üzərində Allah, arxamızda xalqımız… Bunlar bizə güc verirdi… Biz girdiyimiz döyüşlərdən üzüağ çıxmalı idik, şükür Allaha ki, onu da nəsib etdi”.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Yusif Paşazadə deyib.

2020-ci il sentyabrın 29-dan döyüş bölgəsinə yollanan Yusif Paşazadə Füzuli, Cəbrayıl rayonları, o cümlədən Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələri istiqamətlərində gedən döyüşlərdə, daha sonra Laçın rayonunda düşməndən təmizlənən postların mühafizəsində iştirak edib. Əsirlikdə olan hərbi qulluqçuların xilas edilməsi məqsədilə aparılan əməliyyatlarda uğurlu iştirakına görə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

“Vətən müharibəsi həmrəyliyimizi daha da möhkəmləndirdi, bir-birimizə nə qədər dəyər verdiyimizi göstərdi, necə döyüşkən xalq olduğumuzu dünyaya nümayiş etdirdi. Vətən sevgisi o qədər güclü idi ki, gözübağlı ölümə gedir, bir-birimiz naminə canımızı fəda etməkdən çəkinmirdik. Hərəmiz ölkəmizin bir diyarından gəlsək də, müxtəlif millətlərə məxsus olsaq da, amalımız və dəmir yumruğumuzu vurduğumuz hədəf eyni idi.

Döyüş meydanında hər kəs özündən çox, silahdaşını düşünür, onu qoruyur, yaralı və şəhidləri savaş meydanından çıxarmaq üçün ölümü gözə alırdı. Vətən müharibəsi zamanı dostlaşdığım neçə-neçə döyüş yoldaşımız gözlərimizin qarşısında şəhid oldu. Çox ağır və ağrılı mənzərə olsa da, Allahın bizə verdiyi güc, içimizdəki Vətən sevgisi, intiqam hissi bizi ayaqda saxlayırdı. Şəhid dostlarımızın qisasını almaqla və onların canlarını verdikləri torpaqları azad etməklə təskinlik tapırdıq. Xalqın dəstəyi o qədər güclü idi ki, “ölərik, amma başıaşağı geri dönmərik” deyirdik. Yaradana şükürlər olsun ki, 44 şərəfli günün son nəticəsi Qələbə oldu. Zəfər qazanmaqla həm alnımızdakı ləkəni təmizlədik, həm də şəhidlərimizin narahat ruhlarına rahatlıq bəxş etdik. Allah şəhidlərimizə rəhmət eləsin”, – deyə Y.Paşazadə qeyd edib.

Vətən müharibəsi qazisi dövlətin şəhid ailələri və qaziləri unutmadığını, müvafiq qurumların onların ehtiyacları ilə maraqlandığını qeyd edib. O, “YAŞAT” Fonduna müraciət etdiyini və Fond tərəfindən müraciətinin həlli istiqamətində işlər görüldüyünü də diqqətə çatdırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir