Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın Tbilisi şəhərindəki görüşdə ATƏT-in Minsk qrupu məsələsini yenidən gündəmə gətirib.
Gürcüstanlı siyasətçi, şərqşünas alim, Gürcüstanın Ermənistandakı ilk səfiri, Gürcüstanın Samtsxe-Cavaxetiya vilayətinin eks-qubernatoru Qiqla Baramidze bu barədə Oxu.Az-a bildirib ki, onlar Minsk qrupunu diriltmək istəyirlər, amma bu, artıq keçmişdə qalıb:
“Ola bilsin ki, gələcəkdə hansısa yeni format təklif olunsun, yeni təkliflər yaransın. Amma artıq olanlar olub.
Qərb, təəssüf ki, Ermənistan-Azərbaycan nizamlanmasının həllində fəal aktor deyil. Göründüyü kimi, Vaşinqton və Paris əlindən çıxanı qaytarmaq istəyir. Amma Azərbaycan, Rusiya, Türkiyə və Ermənistan var – danışıqlar prosesinin fəal iştirakçıları onlardır. Amerikalılar və avropalılar əsas oyunçu deyildilər, görüşlərdə və razılaşmalarda iştirak etmirdilər (2020-ci il müharibəsindən sonra – red.). Onlar sadəcə heç bir rol oynamadılar.
İndi də onlar öz aktivliklərini göstərmək, nəsə edə biləcəklərini elan etmək istəyirlər? Bəlkə erməni həmkarlar Minsk qrupu məsələsini qaldıranda bunu nəzərdə tuturdular? Nə təklif edə bilərlər ki?!
Mən böyük uğurlara imza atan Azərbaycanı başa düşürəm. Bakı geriyə baxmaq istəmir. ATƏT-in Minsk qrupuna qayıtmaq Azərbaycan üçün sərfəli deyil. Amma Ermənistan tərəfi, ola bilsin ki, Avropadan hələ açıqlanmayan bəzi yeni təkliflər alıb və ona görə də ATƏT məsələsini gündəmə gətirir”.
Nair Əliyev
www.RIA24.az