1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı “Global Media Group”un dəstəyi ilə film çəkilir.
“Report” xəbər verir ki, “Parabüzən” adlı sənədli ekran əsərinin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə – Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər.
Ziyarət 19 nəfərin mühasirəyə düşdüyü yer – Kəlbəcərin Çaykənd kəndindən başlayıb, mühasirədə qaldıqları ərazi Laçının Oğuldərə kəndinə qədər davam edib.
Çəkiliş qrupu Oğuldərədən təxminən 10 km aralıda yerləşən dağlara qalxıb, həmin şəxslərin vaxtilə sığındıqları ev və kahalarda çəkilişlər aparıblar.
Səfər iştirakçıları necə mühasirəyə düşdükləri, 54 gün ərzində düşməndən necə gizlənmələri, düşmənin mühasirəsindən hansı qaydada çıxdıqlarına dair xatirələrini bölüşüblər.
Çəkilişlər sakinlərin mühasirəni yardıqları yer – Laçının Güləbird kəndində yekunlaşıb.
Ziyarətdə “Report” İnformasiya Agentliyinin redaktoru, mühasirədə qalmış, Birinci Qarabağ müharibəsinin veteran Əli Əliyevin oğlu İmdad Əlizadə də iştirak edib. O və filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev qrupun uzun müddət mühasirədə qaldığı ərazidə hazırlanan film haqqında qısa müsahibə də veriblər.
Qeyd edək ki, 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı barəsində çəkilmiş “Parabüzən” adlı sənədli film tezliklə geniş ictimaiyyətə təqdim olunacaq.
www.RIA24.az