Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyəti ilə bağlı qərar açıqlayıb.Qərara görə, 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin, dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Qeyd olunub ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Həmçinin bildirilib ki, bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir. Bundan əlavə, təhsil müəssisələrində birinci sinif şagirdləri üçün dərslər sentyabrın 15-dən, məktəbəhazırlıq qruplarına cəlb olunan şagirdlər üçün isə oktyabrın 1-dən təşkil olunacaq.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, oktyabrda və sonrakı aylarda virusla bağlı konkret gözləntilər hələlik məlum deyil:
“Ona görə də mütləq olaraq virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün vacib tədbirlərdən istifadə edilməlidir. Bunlardan biri məktəbəqədər təhsil müəssisələrində otaqların pəncərələrinin mütəmadi olaraq açıq olması və mümkün qədər dərslərin açıq havada təşkil olunmasıdır:
“Uşaqları bağça və məktəblərdə sinif otaqlarında ayrı-ayrı qrup şəklində otuzdurmaq lazımdır və açıq havada olan zaman da həmin qruplarda olmaları məsləhət görülür. Bu, hansısa uşaqda virusun aşkarlanacağı təqdirdə sinif daxilində digər qrupda olan uşaqların yoluxmaması üçün tətbiq edilməlidir. Bütün təhsil və məktəbəqədər təhsil müəssisələrində sinif otaqlarının havalandırılması önəmlidir. Əgər hava şəraiti imkan verərsə, bütün günü pəncərələr açıq qalmalıdır. Bundan əlavə, hava şəraiti əlverişli olarsa, bağçalarda təlim-tərbiyə prosesinin müəllimlərin müşayiəti ilə açıq havada keçirilməsi çox vacibdir. Düşünürəm ki, Azərbaycanın iqliminin digər ölkələrlə müqayisədə daha mülayim olması təlim-tərbiyə prosesinin böyük hissəsinin açıq havada təşkilinin daha geniş vüsət almasına şərait yarada bilər”.
N.Abdullayev qeyd edib ki, soyuqdəymə əlamətləri olan uşaqların bağça və məktəbə getməsi tövsiyə olunmur:
“Əgər uşaqda virusun əlamətlərindən hansısa müşahidə olunarsa, həmin şagird dərhal digər uşaqlardan təcrid olunmalı və valideynlərə xəbər edilməlidir. Məhz bu səbəbdən müəllimlərin üzərinə indi həkim qədər böyük məsuliyyət düşür. Mütləq formada uşaqlarda virusun hansı şəkildə yayılması və neçə faizinin yoluxacağı barədə məlumat əldə etmək üçün test etmə imkanı yaradılmalıdır. Əgər pozitiv COVID-19-lu uşaq olarsa müasir elmi qaydalara əsaslanan karantin və izolyasiya qaydaları uşaqlara da tətbiq edilməldir”.