Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini birtərəfli qaydada pozaraq Azərbaycan Respublikasının Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək növbəti təcavüz aktına əl atmışdır. Hərbi təcavüz mülki əhali və hərbi qulluqçular arasında xeyli sayda insan itkisinə səbəb olmuşdur. Təkcə Naftalan rayonunun Qaşaltı kəndində erməni silahlı qüvvələrinin top atəşi nəticəsində 4 nəfərdən ibarət Qurbanovlar ailəsi həyatını itirmişdir.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayonu silah gücünə zəbt etməklə kifayətlənmir, «yeni torpaqlar, yeni müharibə» istəyini dünya ictimaiyyətindən gizlətməyərək, beynəlxalq hüquq normalarına hörmətsizlik göstərərək davam etdirir.
Ermənistanın növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.
Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Vaxtaşırı silahlı təxribatlar törətməklə işğal altında olan rayon və şəhərlərimizi de-fakto öz ərazilərinə qatmağa cəhd edir. 2016-cı ilin aprelində, 2020-ci ilin iyul ayında həyata keçirdiyi hərbi hücumlar bu niyyətin son nümunələridir.
Təbii ki, belə davam edə bilməz. Artıq Azərbaycan xalqının səbr kasası daşıb. Əhalimiz düşmən atəşləri altında yaşamaqdan yorulub.
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə, əks-hücum və cavab tədbirləri görmək məcburiyyətində qalmışdır. Biz özümüzü öz torpaqlarımızda müdafiə edirik. Müdafiə tədbirləri həyata keçirilərkən beynəlxalq humanitar hüquqa tam riayət olunur.
Bundan sonra hər iki tərəfdən veriləcək insan və maddi itkilər üçün bütün məsuliyyət Ermənistanın siyasi və hərbi dairələrinin üzərinə düşür.
Ermənistan tərəfi saxta, dezinformasiya xarakterli məlumatlar yaymaqla öz xalqını və dünya ictimaiyyətini çaşdırmağa və işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.
Biz həmkarlar ittifaqı olaraq dünyanın aparıcı dövlətlərini, beynəlxalq qurumları, eləcə də beynəlxalq həmkarlar ittifaqları təşkilatlarını Ermənistanın təcavüzkar əməllərini kəskin şəkildə qınamağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırırıq.
Ermənistanın Qafqazda yeritdiyi ilhaqçı, faşist siyasəti bütövlükdə dünyamızda stabilliyə təhlükədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
aia.az