Azərbaycan əsgəri işğaldan azad olunan ərazilərin ucqar nöqtələrində xidmət edir – Laçın rayonunda yerləşən hərbi hissədən REPORTAJ

Hərbi

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə sürətli bərpa quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri çərçivəsində, həmçinin sözügedən ərazilərdə yeni hərbi hissələr yaradılır, Azərbaycan Ordusunun maddi-texniki təminatı daha da yaxşılaşdırılır.

Bu gün azad olunan ərazilərin ən ucqar nöqtələrində Azərbaycan əsgəri xidmət aparır, yüksəkliklərdə üçrəngli bayraq dalğalanır. Zəfəri qızıl hərflərlə tarixə yazan Silahlı Qüvvələrin mənsubları həmin ərazilərin hər qarışına nəzarət edir, burada sabitliyi qoruyur, əhalinin təhlükəsizliyini təmin edir, gələcəyə inam yaradır.

Azərbaycan Ordusu üçün işğaldan azad olunan ərazilərdə yaradılmış şəraitlə tanış olmaqdan ötrü Laçına yola düşürük. Dağları, təpələri, düzənlikləri keçəndən sonra komando hərbi hissəsinə çatırıq. Burada hər şey “Öncə Vətən”dən başlayır…

Gəlişimiz hərbi qulluqçuların yemək vaxtına təsadüf edir. Onlar sıra ilə düzülüb yeməklərini götürərək stollarda əyləşirlər. Burada yeməkləri mülki işçilər bişirir, eləcə də onlar hərbi hissədə müxtəlif işlərdə çalışırlar. Halbuki əvvəllər bu işlərə əsgərlər cəlb olunurdu. İndi isə hərbi qulluqçular vaxtlarına qənaət edir, əsas diqqətləri yalnız xidmətə cəlb edirlər.

Hərbi hissənin mətbəxində müxtəlif çeşiddə milli yeməklər bişirilir. Əsgərlər burada özlərini evlərindəki kimi hiss edirlər.

Hərbi qulluqçuların qidalanma prosesini müşahidə etdikdən sonra xidmət edən hərbçilərlə söhbətləşirik.

Hərbi qulluqçunun sözlərinə görə, 4 ildən artıqdır ki, Azərbaycan Ordusunda xidmət edir:

“Hərbi qulluqçularımız işğaldan azad olunan ərazilərdə ayıq-sayıq dayanıb. Vətən müharibəsində qələbəmizə səbəb olan amillərdən biri də ordumuzun peşəkarlığıdır. Burada xidmət aparanlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Hər birimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə minnətdarıq. O, bizim xidmətimizi hər zaman yüksək qiymətləndirib. Mən antiterror əməliyyatlarında Ağdərə istiqamətində iştirak etmişəm. “Cəsur döyüşçü” və “Şücaətə görə” medalları ilə təltif olunmuşam”.

Digər hərbi qulluqçu deyir ki, əslən Şabran rayonundandır, Vətən müharibəsi iştirirakçısıdır:

“44 günlük müharibə zamanı döyüşlərdə iştirak etmişəm. Bununla fəxr edirəm. Bu gün hər qarışında şəhidlərimizin qanı olan torpaqlarda xidmət etmək qürurvericidir. Mən, həmçinin antiterror əməliyyatlarında da iştirak etmişəm. Hər aldığımız düşmən postundan sonra daha da həvəslənir və irəliləyirdik. Nizam-intizamla hərəkət edən hərbçilərimizin qarışında düşmən tab gətirə bilmir, çox vaxt döyüş mövqelərini qoyub qaçırdılar. “Vətən müharibəsi iştirakçısı”, Xocavənd, Füzuli və Laçının azad olunmasına görə medalları ilə təltif olunmuşam”.

Başqa bir müsahibəmiz isə hərbi qulluqçu ilə snayperlərin fəaliyyəti barədə olub. O deyir ki, real nəticə vermək məsuliyyəti snayperləri daha çox düşünməyə məcbur edir, eləcə də onların düşüncələri və fəaliyyəti digər hərbi qulluqçuların fəaliyyətindən çox fərqlənir.

“Burada hərbi qulluqçuların məişət şəraiti yüksək səviyyədədir. Komandanlıq bununla bağlı mütəmadi yoxlamalar aparır. Hərbi qulluqçular günün nizam qaydasına uyğun fəaliyyət göstərir. Həmçinin, onlara ailələri ilə görüşməyə və əlaqə qurmağa şərait yaradılır”, – hərbçi deyir.

Hərbi qulluqçularla söhbətləşdikdən sonra onların təlimlərini müşahidə etmək üçün təlim məntəqəsinə yollanırıq. Burada qrupun dağlıq-meşəlik ərazidə fəaliyyətini və idarəetmə siqnallarından istifadə edərək irəliləməsini, eləcə də snayperlərin dağlıq-meşəlik ərazidə maskalanmasını, həmçinin onların fəaliyyətini izləyirik. Müxtəlif relyeflərdə maskalanmanı icra edən snayperlər hədəfi müəyyən etmək və zərərsizləşdirmək üçün fərqli döyüş tapşırıqlarını icra edirlər. Snayperlərin düzgün mövqedə yerləşməsi və onların relyefə uyğun kamuflyaj olunması vacib amillərdən biridir. Müşahidəmiz də göstərir ki, buradakı snayperlər sözügedən amillərə peşəkarlıqla riayət edir, döyüş tapşırıqlarını icra edərkən hər detala xüsusi diqqət yetirirlər.

Bununla da Laçın rayonunda yerləşən hərbi hissə ilə tanışlığımız başa çatır. Müşahidələr nəticəsində bir daha əmin olduq ki, azad olunan torpaqlar artıq əmin əllərdədir. Buranın hər qarışında, hər ucqar nöqtəsində Azərbaycan hərbçisi xidmət edir, azad olunan ərazilərdə üçrəngli, ay-ulduzlu bayraq dalğalanır. Müxtəlif relyeflərdə, istənilən hava şəraitində, 24 saat Azərbaycan Silahlı Qüvvələrinin mənsubları uzanmadan keşik çəkir.

Foto: Vüqar Xanlarov

Spread the love