Bakı-Quba yolundakı qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar – YENİLƏNİB + FOTO

Bu gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəhşətli qəzada ölənlər və yaralananlar Xızının Giləzi qəsəbə sakinləridir. 

Belə ki, səhər saatlarında kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Xudabaxşıyev 2 aylıq qızının səhhətində yaranmış problemlə bağlı onu xəstəxanaya aparmaq istəyib. Bu məqsədlə o, dostu Orxan Qasımova müraciət edib və Pərviz, 2 aylıq qızı Mədinə, həyat yoldaşı Əfsanə və anası Vəsxanımla birgə Orxanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə Sumqayıtdakı xəstəxanaya yola düşüblər. Yolda onlar magistralın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən yerdə təktərəfli hərəkət zolağına keçiblər. Yolun 69-cu kilometrliyində O.Qasımovun sürdüyü avtomobil üzbəüz gələn DAF markalı yük avtomobili ilə toqquşub.

Nəticədə ön oturacaqda olan sürücü O.Qasımov, eləcə də Pərviz Xudabaxışov, həmçinin arxa oturacaqda anasının qucağında olan 2 aylıq Mədinə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Körpənin anası və nənəsi isə ağır xəsarətlərlə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

13:39

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Ria24.Az-a daxil olan məlumatda deyilir:

“Bu gün saat 09 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi VAZ-2106 markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan, Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi DAF markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, VAZ-2106 markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri – Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun iki aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər – 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”.

Faktla bağlı araşdırma aparılır.

12:21

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Ria24.az-nın verdiyi xəbərə görə, VAZ-2106 markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib. 

Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:34

Bakı-Quba yolunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Ria24.az-nın məlumatına görə, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb. 

VAZ-2106 markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. 

Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

10:08

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub.

Ria24.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı Hacıyev Elçin Yaşar oğlunun idarə etdiyi “BMW-X5” markalı avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı Əliyev Mehyəddin Abdulməcid oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə E.Hacıyev hadisə yerində ölüb, digər sürücü M.Əliyev isə xəsarət alaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.