Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum ƏLƏ KEÇDİ – FOTO/VİDEO

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6 500 manat pulun oğurlandığını deyib.

Eyniməzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadənin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.