Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, çox sayda yaralı var – FOTO

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 21 nəfər xəsarət alıb.  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.  Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur.  Bu barədə ətraflı məlumat veriləcək. *** Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb. *** Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb. Oxu.Az-ın məlumatına görə, qəzada çox sayda ağır yaralılar var. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə zamanı ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Polis əməkdaşları prospektdə nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbir görür. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin ehtimala görə, yük avtomobili sürücüsü sükan arxasında yuxulu olub və hərəkət zolağından çıxıb”.  *** Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir