“Bakı Metropoliteni” QSC-nin kollektivinə ağır itki üz verib. Metropolitenin veteranlarından biri, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev yanvar ayının 6-da 82 yaşında vəfat edib.
Bu barədə Metropolitendən bildirilib.
İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. 1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr etmiş İqor Xankişiyev metro istismarı və inşaatında şərəfli əmək yolu keçib.
Metropolitenə rəhbərlik etdiyi 11 il ərzində Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatı SSRİ metropolitenləri arasında keçirilən sosializm yarışlarında dəfələrlə fərqlənərək, SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsinin keçici Qırmızı bayraqlarına layiq görülüb. Həmin illərdə metropoliten sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi sahəsində yüksək nəticələrə nail olub. Hərəkətin təşkilində SAT-ALİ sisteminin təməli həmin illərdə qoyulub. Santexnika qurğularının idarə olunması üzrə “Lisna” və “Neptun” sistemlərinin, tunellərin korroziyadan mühafizəsi üzrə yeni maddələrin tətbiqi və digər texniki yeniliklər onun metroya rəhbərlik etdiyi illərə təsadüf edir.
Metro tikintisi sahəsində çalışdığı dövrlərdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində özünü bacarıqlı təşkilatçı kimi göstərən İqor Xankişiyev yüksək idarəçilik məharəti ilə fərqlənib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin tikinti departamentinin rəisi vəzifəsində çalışıb.
İqor Xankişiyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilərək ona əməkdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmiş, ölkə başçısının 6 noyabr 2017-ci il tarixli Sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülüb. İqor Abbasoviç Xankişiyev həmçinin, “Fəxri dəmiryolçu” döş nişanı ilə də təltif edilib.