İddia olunur ki, Suxumi klanın keçirdiyi “sxodka” Şakro Molodoyun kriminal aləmdə “nömrə 1” mövqeyinə ciddi zərbədir
İyulun 1-də Türkiyənin Antalya şəhərində kriminal aləmin liderlərindən biri- Merab Suxumski kimi tanınan Merab Canqveladzenin klanının üzvlərinin “sxodka”sı keçirilib. “Qanuni oğrular”ın Antalyada toplanmasının nəticələri isə Rusiyanın cinayət dünyasının lideri, hazırda həbsdə olan 67 yaşlı Zaxari Kalaşovun (Şakro Molodoy) nüfuzuna ciddi xələl gətirə bilər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, kriminalların “zirvə görüşünün” əsas müzakirə mövzusu Suxumi klanının ən odioz üzvlərindən biri olan Duka ləqəbli Daur Qubliyaya qarşı bir neçə il əvvəl baş vermiş “əsassız” ittihamlarla bağlıdır ki, burada da əsas rol Şakro Molodoy alıb. Şakronun münaqişədəki rolu və davranışı nəticəsində Duka yeddi il titulundan məhrum yaşamağa məcbur olub.
Həmin qarşıdurma 2003-cü ilin sentyabrında baş verib. Suxumi klanının üzvü və Merabın ən yaxın adamlarından olan Duka şərlənib, onun guya Abxaziyada döyüşdüyü və iki nəfər döyüşçü yoldaşını da klana üzv etdiyi iddia olunub. Dukanın bədxahlarının uydurduğu bu ittiham Şakro, Laşa Şuşanaşvili, Edik Asatryan və Alxas kimi kriminal “generalların” iştirakı ilə “sxodka”ya çıxarılıb. Həmin müzakirədə Dukaya müdafiə üçün heç bir şans verilməyib və onun “oğru” titulu əlindən alınıb, üstəlik, ona ciddi xəsarətlər yetiriblər. Bu hadisə Rusiya kriminalında yeni qanlı savaşlara yol açıb.
Daur Qubiya (Duka)
Duka şərəfini qorumaq üçün onu şərləyənlərə yaşamaq şansı verməyib. Əvvəl Besiki, sonra isə Robinsonu “o biri dünyaya” göndərib.
Duka yalnız 2013-cü ildə yenidən statusunu geri alıb. “Sxodka”da ədalətli mövqe tutmadığı iddia edilən Şakro isə o zaman artıq İspaniyada həbsdə idi. 2014-cü ildə Şakro həbsdən çıxdıqdan sonra söhbət Dukanın xeyrinə bağlanıb.
Rövşən Lənkəranski və Quram
Bəs, Suxumi klanı illər sonra niyə bu məsələyə qayıdıb? Buna səbəb azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Quli Bakinski) iştirak etdiyi məclisdə gürcü “qanuni oğru”ları nəslindən olan Quram Çixadzenin döyülməsidir. Çünki həmin konfliktdə də arbitr rolu Şakroya düşmüşdü və iddia olunur ki, kriminal lider yenə illər əvvəl olduğu kimi ədalətli mövqe tutmayıb.
Yada salaq ki, konfliktə səbəb Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) adamları ilə yaxınlığının üzə çıxması olub. Quli Quram Çixadzenin Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra şillələdib, ondan uzaq durmasını istəyib. Bu işi isə Vəhşi Arman ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurub. 1994-cü ildə Quramın atası -“qanuni oğru” Aftandil Çixadze və anası gözü qarşısında öldürüləndən sonra Şakro da daxil “qanuni oğru”lar 6 yaşlı bu oğlanı öz himayələrinə götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər.
Döyülmə insidentindən sonra Şakro Molodoy və Badri Koquaşvili (Kutaisili) Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Amma bir çoxları özünü Quli ilə pis etmək istəməyib. Quli isə araşdırma üçün özü “sxodka” çağırıb. “Sxodka”da iştirak edən Vəhşi Arman öz hərəkətini izah edib və toplantıdakıların narazılığına səbəb olmayıb. İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badri Koquaşvilini cəzalandıracaq.
Vəhşi Arman və Quli
İki gün əvvəl Antalyada toplaşanlar Armanın vurduğu Çixadzenin “oğru” olduğunu bilmədiyi sözlərini qəbul ediblər. Amma yada salıblar ki, illər öncə Dukanı qəsdən döydükləri zamanı onun “qanuni oğru” olduğunu oradakıların hamısı bilib, hətta Şakro bu mənzərini seyr edib gülüb də…
Bildirilir ki, “sxodka”da həm Quliyə qarşı olan Badrinin, həm Şakronun məsələsinin müzakirə olunacağını bilən Suxumi klanına daxil bəzi “qanuni oğru”lar toplantıya qatılmayıblar. Amma iddia olunur ki, istənilən halda bu müzakirələr Şakro Molodoyun kriminal aləmdə “nömrə 1” mövqeyinə zərbədir…