Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyata münasibət bildirib.
Nazirliyin mətbuat katibi Vüqar Hüseynov əməliyyatla bağlı açıqlama yayaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.
O media nümayəndələrinin nəzərinə çatdırıb ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir: “Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq”.
saat 13:23
Kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.
Moderator.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, əməliyyat dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyaları mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirilir.
Araşdırma nəticəsində məlum olub ki, 10-dan artıq rayonda gübrə təchizatçısı olan şirkətlər fermerlərlə əlbir olaraq subsidiyaları mənimsəyiblər. Bu, əkin sahəsinin olduğundan artıq göstərilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin yalan məlumatların daxil edilməsi hesabına olub. Subsidiyaların yalnız 25%-ni nağdlaşdırmaq mümkün olduğu üçün bəzi fermerlər bank kartların müəyyən məbləğ qarşılığında təchizatçı şirkətlərə satıblar. Onlar isə kartlardakı vəsaitləri öz hesablarına köçürərək əslində fermerlərə gübrə satmayıblar.
Əməliyyatı Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə həyata keçirir.
***
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı əməliyyat keçirir.
“Report”un məlumata görə, BMCMİ əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Məlumata görə, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edilib ki, bu barədə gün ərzində əlavə məlumat veriləcək.