Əliməmməd Nuriyev: “Həmin şəxslərin intizam məsuliyyətə cəlb edilməsi mümkündür”
Son vaxtlar hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi reydlər nəticəsində karantin qaydalarını pozaraq rayonlara qanunsuz səfər edən şəxslərin arasında müxtəlif dövlət vəzifələrində təmsil olunan məmurların da mövcud olduğu məlum olub. Araşdırmalar nəticəsində bəlli olub ki, həmin şəxslər məhz xidməti vəsiqə, habelə çalışdıqları qurumların onlara verdiyi səlahiyyətdən sui-istifadə edərək bu addımı atıb.
Dövlət orqanlarında çalışdıqları halda dövlətin qanunlarına əməl etməyən, başqalarına örnək olmaları ikən törətdikləri qanun pozuntuları ilə gündəmə gələn bu şəxslərin daha ağır şəkildə cəzalandırılması mümkündürmü?
Hüquqşünas Əliməmməd Nuriyev bu cür şəxslərin intizam məsuliyyətinə cəlb edilməsinin mümkün olduğunu vurğuladı:
“Karantin qaydalarına hər kəs əməl etməlidir. Vəzifəli şəxslər isə buna ikiqat diqqət və dəqiqliklə əməl emtəlidir. Çünki vəzifəli şəxslərin hər hansı davranışı digərləri üçün örnəkdir. Onların hər bir müsbət hərəkəti əhali tərəfindən də dəstəklənir, digərlərini də bu cür hərəkətlərə təşviq edir. Bu, həm də dövlət orqanlarına, vəzifəli şəxslərə inam və etibarın artmasına səbəb olur. Bu,çox önəmli amildir. Əgər vəzifəli şəxs qeyri-qanuni hərəklət edirsə, bu, digərlərini də bu cür hərəkətə təşviq edir. Belə hərəkətlər ictimai rəydə yanlış anlaşılmalara səbəb ola bilir.
Bu cür halların diqqətlə araşdırılması olduqca vacibdir. Əgər hər hansı vəzifəli şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək karantin qaydasını pozubsa, heç şübəsiz məsuliyyətə cəlb edilməlidir. Əgər kimsə məhz vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman həmin şəxsin intizam məsuliyyətə cəlb edilməsi baş verə bilər.
Təəssüflər olsun ki, bəzi vəzifəli şəxslərin öz xidməti vəsiqələrindən gen-bol istifadə etməyə cəhd etməsi müşahidə olunur. Lakin onlar bilməlidirlər ki, heç kəs qanundan yuxarıda deyil. Kimsə toxunulmaz deyil. Hər kəs qanunun altındadır və qanuna tabe olmalıdır. Bu baxımdan DİN əməkdaşlarının bu cür qanunsuzluqlara qarşı aprdığı mübarizəni də alqışlayır, onalrın qətiyyətini təqdir edirəm”.