
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün
ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən
kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.
Trend xəbər
verirki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz
müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən
Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək
saxlanılıb.
H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından
ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi
ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu
sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla
həmin serverlərə daxil olub.
Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə
yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa
çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu
şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə
informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam
xarakterli elanlar da yerləşdirib.
Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun
topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya
sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən
aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası
nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə
etmə faktı bir daha təsdiqlənib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb
olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq
baxılması üçün məhkəməyə göndərilib.
H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin
də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə
birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

