Paytaxtda söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub (VİDEO)

Hadisə

Bakı. Trend:

Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına
atılması bariz yanğın təhlükəsi yaradır. Hazırda yay fəslinin davam
etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru
hava şəraitində daha ciddi yanğınlara səbəb olur.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq
Molla Cümə küçəsi 46 ünvanında baş verib.

Bildirilib ki, adı çəkilən ünvanda Dövlət Yanğın Nəzarəti
Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış
ibtidai araşdırma nəticəsində vətəndaş tərəfindən siqaret çəkilməsi
zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla
nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib.

Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton
qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd
göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini
tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib.




“Analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən
təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi
toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən
mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər
təbiət ərazilərində yanğınların baş vermə riskini artırır.
Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin
aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də
səhlənkar davranışlara yol verməsinin nümunəsidir.

Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusilə
havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq
ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı
vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü
ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır
nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca
səbəbləridir.

Unutmayın ki, qaydalara biganəlik – həyatımıza təhlükədir.
Təhlükə zamanı “112”-yə zəng edin”, – deyə məlumatda qeyd
edilib.