
Bakı. Trend:
Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet
sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər
hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə
yaratdığı qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, təkcə cari ilin
ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları
nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23
nəfər isə ağır xəsarət alıb.
Bildirilib ki, eyni zamanda onların törətdikləri qayda
pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət
iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet
sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə,
hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər
insanların həyatını təhlükəyə atmamağa çağırır.

