Sumqayıt çoxmərtəbəli yaşayış binasında yanğın, xəsarət alan var

Hadisə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş
verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin
qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli
yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat
malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o
cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal
qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın
zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2
ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən
əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər
yanğından mühafizə olunub.