
Bakı. Trend:
Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq
əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına
kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu
ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.
DİN-dən Trend-ə
verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə
yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması
məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada
aşkar və gizli şəkildə xidmət aparırlar.
Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5
nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər
saxlanılıb.
Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar –
çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul
vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər
qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin
olunub.
Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər
və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan
87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə
təhvil verilib.
Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında
təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam
etdirirlər.