Terrora hazırlıqda təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi keçirilib

Hadisə

Bakı.Trend:

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla
Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)
başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün
Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə
verib:

“Mən 2024-cü ilin noyabr ayında “Instagram” sosial şəbəkəsi
vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi
yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada
tanışının da olduğunu dedi. Bir həftə sonra mənə qrup göndərdi.
Daxil oldum. Oxudum. Sonra başqa gizli qrup göndərdi. Üzv olmağımı
istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və
bunun üçün məndən balta, bıçaq, “Molotov kokteyli”, əlcək istədi. O
mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də
partladacaq. Dedi ki, mən öləndən sonra işimi davam elətdir. Mənə
məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində
hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirildi.
Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı
maddələr aşkar olundu”.

Proses 22 sentyabrda davam etdiriləcək.




Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1
(terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah
qismində istifadə olunan predmetlərdən istifadə etməklə
törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini
radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci
(cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin
birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli”
ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən
saxlanılıb. İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD
Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev
“Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə
hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna
yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə
etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə
hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və
avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və
predmetlər aşkar edilərək götürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir