
Bakı.Trend:
Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına
verilən iş üzrə özünə etiraz edib.
Trend xəbər
verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə
daxil olub və “Elektron məhkəmə” informasiya sistemində qeydə
alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun
icraatına verilib.
Sədr Neftçala şəhərində özünə məxsus yaşayış yeri olmadığına
görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu
vaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabr
aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə
görə çıxmalı olub.
Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa
başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən
şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini
öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16
oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa
başlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun
ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən,
haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir
məlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun
ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil
axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə
məxsus mənzildən çıxıb başqa evə köçüb.
Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq,
obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər
tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu,
lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə,
qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər
vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli
görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair
ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli
olduğunu bildirib.
Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə
etirazı qəbul edilib.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə
təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon
Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin
edilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon
Məhkəməsinə göndərilib.