İmişlidə avtoqəzada xəsarət alan altı nəfərin vəziyyəti açıqlanıb – YENİLƏNİB

Hadisə

İmişlidə baş verən avtomobil qəzasında xəsarət alanların durumu məlum olub.

“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, avqustun 5-də saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı nəfər (hamısı kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

İmişli rayonunda iki minik avtomobili toqquşub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı”Opel” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.