“Azəriqaz”ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub

Hadisə

Bakı.Trend:

“Azəriqaz”ın işçisini təhqir edən şəxs inzibati qaydada həbs
olunub.

Trend-in
məlumatına görə, hadisə avqustun 6-da baş verib.

Belə ki, zərərçəkmiş şəxs mənzilə texniki baxış üçün daxil
olduqdan sonra həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis)
kimi istifadə olunduğunu müəyyən edib. Texniki şərtlərə əməl
edilmədiyi üçün irad bildirməsinə görə təqsirləndirilən şəxs
əvvəlcə mənzilin daxilində onun üzərinə qışqırıb. Zərərçəkmiş şəxs
bayıra çıxdıqdan sonra binanın girişində və həyətində onun ünvanına
nalayiq söyüşlər işlədərək səs-küy salıb, ictimai qaydanı pozan
hərəkətlərlə xırda xuliqanlıq edib.




Zərərçəkmiş şəxs müraciəti əsasında həmin yerə gələn Bakı şəhəri
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşı onun ictimai qaydanı
pozan hərəkətlərinin qarşısını almaq istəyən zaman ümumilikdə polis
əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salıb.
Təqsirləndirilən şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq
hərəkətlərini davam etdirib və onu sakitliyə, nizam-intizama dəvət
edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis
əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayıb.

Nizami rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində
10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq
edilib.