İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı (VİDEO)

Hadisə

Bakı.Trend:

“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə
cəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana ilə
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı
həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev
saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə
olan marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotikləri “lnstagram”
sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi
ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs
tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.




Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanılıb.

Qeyd edilib ki, M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də
tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam
etdirilir.Son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda
həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə
qanunsuz dövriyyədən çıxarılıb.