Beyləqanda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Hadisə

Bakı. Trend:

Beyləqanda tanışını öldürməkdə təqsirləndirilən Seyidağa
Rüstəmlinin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.

Hökmə əsasən, Seyidağa Rüstəmli 12 il müddətə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilib.




Qeyd edək ki, hadisə 2024-cü il 11 oktyabrda baş verib. Seyidağa
Rüstəmli sərxoş vəziyyətdə ictimai asayişi pozaraq avtomobil yoluna
çıxıb və sürücülərlə mübahisə edib. Hadisənin qarşısını almaq üçün
Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa
çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında
mübahisə yaranıb. Seyidağa Ramilə yumruqla xəsarət yetirib.

Ramil Kərimov xəstəxanaya yerləşdirilsə də hadisədə 11 gün sonra
xəstəxanada ölüb.

Təqsirləndirilən Seyidağa Rüstəmli Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb
olma), 221.2.2-ci maddəsi ilə ittiham edilib.