
Bakı. Trend:
Qubada “Asma körpü” istirahət mərkəzində nöqsanlar aşkar
edilib.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü”
istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
“Belə ki;
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;
– obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz
balonundan istifadə olunur;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik
naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin
yoxlanılması barədə akt tərtib edilməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin
edilməyib;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta
olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət
mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”,- deyə
məlumatda vurğulanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın
Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.