Lökbatanda mənzildə partlayış olub – Xəsarət alan var

Hadisə

Bakı. Trend:

Lökbatanda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş
verib.

Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində
yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış
olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
cəlb olunub.




Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla
nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb,
ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin
yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət
tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə
çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və
mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən
3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə
təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.