
Bakı.Trend:
Qusar şəhərində kafedə barmeni döyən şəxs 6 ay müddətə
azadlıqdan məhrum edilib.
Trend-in
məlumatına görə, hadisə təqsirləndirilən şəxs əlavə pivə sifariş
etdikdə bitməsi səbəbindən baş verib.
Belə ki, təqsirləndirilən şəxs toy məclisindən çıxıb, sərxoş
vəziyyətdə kafeyə gələrək 4 bakal pivə içib. Daha sonra əlavə 1
bakal pivə sifariş edib. Pivə qurtardığı üçün bakal tam dolmayıb.
Bu səbəbdən kafenin barmeni digər bakaldan pivəni onun bakalına
süzərək verib. Barmenin bu hərəkəti təqsirləndirilən şəxsi
əsəbləşdirib. Sonra yumruqla onun sifətinə vuraraq ona xəsarət
yetirib.
Qusar rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət
əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.

