Aeroport şosesindəki qəzada bir nəfər ölüb (YENİLƏNİB) (VİDEO)

Hadisə

Bakı. Trend:

Bakının Suraxanı rayonu, Aeroport şosesində baş verən qəzada bir
nəfər ölüb.

Bunu Trend
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə
əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.

“Təəssüflər olsun ki, bu gün səhər saatlarında Suraxanı rayonu,
Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına
əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş
verməsinə səbəb oldu.

Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm
ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun
kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir
təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər
avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə
alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını
itirməsi ilə nəticələndi.

Müşahidələr onu deməyə əsas verir ki, avtomobilində nasazlıq
yaranan sürücülərin bəziləri yollarda təhlükəsizlik qaydalarına
əməl etmirlər. Bunu nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki,
avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı
və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə
olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini
sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar.

Yollarda nəqliyyat vasitəsində texniki nasazlıq yaranan hər bir
sürücü əvvəlcə təhlükəsizlik tədbiri görməlidir. Bu bir vəzifə
borcu olmaqla yanaşı, özü və digərlərinin həyatı üçün də
önəmlidir”, – o qeyd edib.

xxx




11:07

Bakının Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat
hadisəsi baş verib.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq
yaranıb.

“Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən
zəruri tədbirlər görülür”,- deyə əlavə edilib.