
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul
olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus
nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən,
Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki
qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən
keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün
sərxoş vəziyyətdə olduğu təsdiqlənib. Sürücü barəsində müvafiq
sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün
məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün
müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki,
sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin
daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa
məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə
nəticələnə bilər.