Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)

Hadisə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində
yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində
keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı
nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa
təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

– obyektdə quraşdırılan avtomatik yanğınsöndürmə sistemləri
(sprinkler) daimi su mənbəyi ilə təmin olunmayıb;

– obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın
kranları quraşdırılmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə
olunub;

– istehsalat və anbar sahələrində yanar materialdan istifadə
edilərək otaqlar quraşdırılıb;




– anbar sahəsində mallar “Yanğın təhlükəsizliyi Qaydaları”nın
tələblərinə uyğun yığılmayıb;

– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

– obyektin tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti
Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az
Filter” MMC-yə məxsus filtr istehsalı sexinin fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi
obyektin nümayəndəsinə təqdim edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın
Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.