Avqustun 11-də saat 21 radələrində İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
İmişli Rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla İmişli rayon sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.