Gecə Bakıda yanğın olub. Hadisə zamanı ev sahibi 61 yaşlı qadın yanaraq ölüb. Hadisədən sonra mənzildən qadına məxsus qızıllar və pul tapılmayıb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər.
Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb.
Hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü mərtəbədə Xuraman Həsənovanın evindən alov çıxdığını görüb, dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə gələn canlı qüvvə qapını qırıb, mənzilə daxil olaraq alovu söndürüblər. Yanan mənzildən ev sahibi, ibtidai sinif müəllimi, 61 yaşlı Xuraman Həsənovanın meyitini aşkar ediblər.
Mərhumun həyat yoldaşı Abbas Novruzov deyir ki, ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna gediblər. Ötən gün Bakıya qayıdandan sonra qadın öz, kişi də öz yaşadığı evə gedib.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar.
Mərhumun bacısı Arzu Novruzova deyir ki, istintaq qrupu ilkin araşdırma apararkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 72 kvadratmetr olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Hadisənin qətl və ya yanğın olub, olmaması müvafiq qurumlar tərəfindən araşdırılır.
www.RIA24.az