Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan iddialar tamamilə əsassızdır:
“Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.
Gəncə şəhər sakini Razi Alışov da dünən Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Vətəndaş Razi Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
www.RIA24.az