Tüfeyli həyata görə oğullarını döyən qonşusunu ÖLDÜRDÜ: “Uşaqlarımı qorumaq istədim”

Hadisə

Bakıda 74 yaşlı qonşusunu kəsici alətlə vuraraq öldürən şəxs həbs edilib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrında baş verib.

Belə ki, hadisə günü təqsirləndirilən Ceyhun Ağabəyov (soyad şərtidir) evinə gələrkən binanın qarşısında qonşusu Vaqif Quliyevin (soyad şərtidir) Ağabəyov ailəsinin tüfeyli həyat tərzi keçirməsinə etiraz edərək oğullarını döydüyünü görüb və vəziyyətə müdaxilə edib. Bu zaman o, əlindəki kəsici alətlə qonşusunun sinə nahiyəsindən bir zərbə vuraraq ağır xəsarət yetirib. Hadisə nəticəsində Vaqif Quliyev ölüb. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Ceyhun Ağabəyov bildirib ki, o, qonşusunu oğullarını qorumaq üçün vurub. Öldürmək niyyəti olmayıb və əməlindən peşmandır:

“Özüm ikinci qrup əliləm, əsəb xəstəsiyəm. Heç yerdə işləyə bilmirəm. Günümün əksər hissəsini zibilliklərdən yararlı əşyalar toplamaqla keçirirəm. Ərzaq tapanda da evə gətirirəm. Həmin gün də zibil yığıb evə qayıdırdım. Gördüm ki, Vaqif binanın qabağında dəmir dabankeşlə oğlanlarımı döyür. Yaxınlaşıb müdaxilə etdim. Oğlanlarımı qorumaq üçün elə zibillikdən tapdığım dəmir parçasını ona vurdum. Onu öldürmək istəmirdim. O əvvəlcə diz üstə yıxıldı. Sonra da ayağa durub binaya girdi. Daha sonra təcili yardım yaxınlaşdı və polislər gəlib bizi apardılar. Bizim onunla əvvəllər münasibətimiz yaxşı olub. Sonra arvadlar arasında məişət söhbətlərinə görə dava düşdü. Bundan sonra münasibətlər korlandı”. 

Hadisə nəticəsində həyatını itirən Vaqif Quliyevin oğlu məhkəmədə verdiyi ifadədə bildirib ki, ona bu barədə xəbəri anası verib:

“Atamın 74 yaşı var idi. Hamı ilə münasibəti çox yaxşı olub. Həmin gün Ceyhun və iki oğlu atamla mübahisə ediblər. Nəticədə Ceyhun qəfildən atama əlindəki əşya ilə zərbə endirib. Onun əlində nəyin olduğunu heç kim görməyib. Hadisə baş verəndən sonra anam mənə zəng etdi. Mən gəlib təcili yardım çağırdım və atamı xəstəxanaya apararkən yolda öldü”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Ağabəyov 12 il müddətinə azadlıqdan məhrum edilib. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir