Vilyam Hacıyevin işi üzrə dəymiş ziyanın məbləği AÇIQLANDI: Aktlara etiraz edildi

Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-in fəaliyyəti ilə bağlı keçirilən yoxlamaların nəticələri açıqlanıb.

Aktlarda qeyd edilib ki, V.Hacıyevin zamanında 356 vətəndaşın adı Dost İş Mərkəzində işlə təmin edilən şəxs kimi yazılsa da, onlar üzrsüz səbəblərdən işə çıxmayıblar, adlarına isə əməkhaqqı yazılıb. Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

Aktlara əsasən, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə bir milyon manat vəsait köçürüldüyü halda həmin məbləğlər təyinatı üzrə xərclənməyib.

Eyni zamanda, İmişli Rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinə 118 min manat ayrılıb. Lakin aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib. Bundan başqa, tikinti işlərində istifadə olunan tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

V.Hacıyevin vəkili Elmar Kərimov akta etiraz edib. O deyib ki, aktlarda göstərilən məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz:

“Biz ona görə maliyyə eksperti tələb edirdik ki, bu rəqəmlərə aydınlıq gətirsin. Bu rəqəmlər İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib”.

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir