Azərbaycandakı yeganə kolxozda mənimsəmə: Vəzifəli şəxslərə hökm oxundu

Hadisə

İsmayıllı rayonunda yerləşən Azərbaycandakı yeganə kolxoz olan Nikitin adına İvanovka kənd kolxozunun ferma müdirinə və baytar həkiminə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kolxozun fermasına rəhbərlik edən 1957-ci il təvəllüdlü Timofey Uryupin və baytar həkim Cahid İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə açılmış işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, T.Uryupin 2011-2021-ci illərdə kolxozun qoyunçuluq fermasına rəhbərlik etdiyi dövrdə 1987-ci ildən bəri həmin təsərrüfatda baytar vəzifəsində çalışan Cahid adlı şəxslə əlbir olaraq yüzlərlə qoyunun xəstəlik səbəbindən öldüyünü sənədləşdirərək onları satıb. Belə ki, onların ümumilikdə 530 xırdabuynuzlu heyvanın guya xəstəlik səbəbindən öldüyünü sənədləşdirdikləri üzə çıxıb və kolxoza ümumilikdə 63 min manat ziyan vurmaları müəyyən edilib.

Nikitin adına kolxozun fermasındakı qoyunların sürətlə azaldığı müşahidə edildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib. İsmayıllı Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində 530 qoyunun 2020-2021-ci illərdə hepatit, pnevmoniya və qastroenterit xəstəliklərindən ölməsinə dair həqiqətə uyğun olmayan diaqnozlar daxil etdirməklə sənədləşdirilərək ələ keçirilməsi sübut olunub.

Faktla bağlı açılmış işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə həmin şəxslərin kolxoza vurduqları ziyanı ödəmələri bildirilib.

On il fermaya rəhbərlik etmiş T.Uryupinə iki il altı ay, C.İsmayılova isə iki il müddətinə şərti cəza verilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir