Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən, Azərbaycan vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edib.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Şirvan Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin anbarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 6 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib.
Gündüz Həsənli 21 mart 2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
Elnur Şahsuvarov 21 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.
Bu gün G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.
www.RIA24.az