Şamaxıda arvadını uşaqlarının gözü qarşısında döyərək öldürən Şakir Cəfərova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1985-ci il təvəllüdlü Ş.Cəfərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində arvadını öldürmə səbəbindən danışıb. O qeyd edib ki, hadisə baş verən gün evə içkili gəlib və darvazanı döyəndə onu açan olmayıb. Bu səbəbdən Ş.Cəfərov həyətə hasarın üstündən keçib.
Arvadından nəyə görə qapını açmadığı soruşanda isə qadın hamamda olduğunu bildirib. Həyat yoldaşının cavabından əsəbiləşən ər onu üç azyaşlı uşağının gözü qarşısında amansızlıqla döyüb.
Davadan sonra ər-arvad yataq otağına keçiblər. Bu zaman qadın başının ağrıdığını, yatmaq istədiyini bildirib. Əri isə cavab olaraq, “başın ağrıyırsa, həkim çağırım” deyib. Qadın isə “yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək” cavabını verib.
Səhər açılanda isə qızı anasının ağzından qan gəldiyini görüb. Qadının bədəni qaraldığı, soyuduğu üçün əri onun öldüyünü başa düşüb.
Bu zaman Ş.Cəfərov övladlarını babasıgilə aparıb, daha sonra polis şöbəsinə yollanaraq təslim olub.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 1-də baş verib.
www.RIA24.az