Bahalı hədiyyələr, pis vərdişlər, məmurun bağ evində QƏTL: Qayınata kürəkənini niyə güllələyib? – TƏFƏRRÜAT

Hadisə

Bakının Xəzər rayonunda 1962-ci il təvəllüdlü Azər Cəfərov kürəkəni Rəşad Məmmədovu qətlə yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il dekabrın 12-də Xəzər rayonunda baş verib. Azər 1985-ci il təvəllüdlü kürəkəni Rəşadı güllələyərək öldürüb.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, qızı Nigarla Rəşad 12 il əvvəl nikaha girərək ailə qurublar:

“Toydan qısa müddət keçəndən sonra bildim ki, Rəşadın pis vərdişləri var: Narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızıma qarşı kobud davranır. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm Rəşadın valideynləri, həm də mənim tərəfindən səylər göstərildi, pul verildi. Lakin nəticəsi olmadı”.

Azərin sözlərinə görə, qızı Nigar Rəşadla evləndiyi vaxtdan onun pis vərdişlərinə görə əziyyət çəkib:

“Amma ailəsini qoruyub-saxlamaqdan ötrü Rəşadın neqativ hərəkətlərinə dözüb. Hətta təxminən 2010-cu ildə qızım boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Lakin ağsaqqalların tövsiyəsi və səyi nəticəsində qızım Rəşadla barışıb.

Onlar yenə birgə yaşayıblar. Həmin vaxt Rəşadın valideynləri yenə qərara gəldilər ki, Rəşadı müalicə etdirsinlər. Lakin Rəşad müalicəni yarımçıq qoydu, müalicədən yayındı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib:

“Həmin vaxtdan qızım Nigar övladları ilə birlikdə mənim şəhərdə olan mənzilimdə yaşayıblar. Nigar bizdə qaldığı vaxtlarda həftədə iki-üç dəfə Rəşadın uşaqlarını görməsi üçün həm Nigar tərəfindən, həm də mənim tərəfimdən şərait yaradılıb. Nə qızım, nə arvadım, nə də özüm heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışıq”.

Azər deyib ki, dekabrın 12-də səhər saatlarında Rəşad mobil nömrəsindən ona zəng edib və aqressiv şəkildə harada olmasını soruşub:

“Mən isə Rəşada Mərdəkanda bağ evimdə olduğumu dedim. Bir qədər sonra Rəşad bizə gəldi. Rəşad zəng edən vaxt mənimlə aqressiv danışdığından onu sakitləşdirmək məqsədilə, həmçinin Rəşadın həyətdə söyüş söyməsindən, səs-küy salmasından ehtiyat etdim. Onu evə dəvət etdim ki, söhbət edək. Rəşadla evə qalxaraq masa arxasında əyləşdik. Ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, söhbət zamanı Rəşada gələcəkdə arvadı ilə barışmasını izah edib:

“Ona bildirdim ki, vaxt keçər, yenə barışarlar, yenə ailələri bir-birinə qovuşar. Lakin Rəşad danışıqlarıma əhəmiyyət vermədi. Aqressiv formada məni alçaltmağa çalışdı. Mənə qarşı əxlaqsız sözlər, yaşına uyğun olmayan ifadələr işlətdi. Mən isə əsəbimi cilovlayaraq ona cavab vermədim.

Düşündüm ki, Rəşad sakitləşəcək və xoşluqla gedəcək. Əksinə, Rəşad daha da qızışaraq artıq məni, uşaqlarımı, ailəmi söydü. Məni və ailə üzvlərimi öldürməklə hədələdi. Evin içi olduğu üçün, həmin sözləri yalnız ikimizin eşitdiyini başa düşdüyüm üçün Rəşadın sözlərini sakit qəbul etdim. Söyüş və təhqirlərinə özümü daxilən boğaraq cavab vermədim. Allahdan səbir dilədim, lənət şeytana deyə-deyə toxtamağa, özümü ələ almağa çalışdım”.

Azər deyib ki, bundan sonra Rəşad həyətə çıxıb:

“Mən də onun arxasınca çıxdım. Həyətdə Rəşad sakitləşmədi, ölümü-dirimi və nəhayət, atamın qəbrini söydü. Artıq buna dözmədim. Elə bil ki, havalanaraq evə girdim. Girişdə olan ov tüfəngini götürdüm və bayıra çıxdım. Bundan sonra nə baş verdiyini xatırlamıram.

O zaman ayıldım ki, bağban kürəyimdən tutaraq silkələyir. Bu zaman gördüm ki, yerə çökmüşəm. Rəşad isə məndən aralıda torpaqda uzanıb. Bağbana təcili tibbi yardıma zəng etməsini dedim. Özüm isə polisə zəng etdim”.

Zərərçəkmiş Rəşadın hüquqi varisi qismində qardaşı dindirilib.

O bildirib ki, təxminən 2008-ci ildə qardaşı Rəşad Nigarla ailə həyatı qurub:

“Rəşadla Nigar mehriban olublar. Rəşad Nigarı, demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparıb. Birgə nikahdan olan iki qızını da Rəşad həddindən artıq çox istəyib. Onların ailələrində, ola bilsin ki, cüzi söz-söhbətlər ola bilərdi, lakin mərhum atam Rəşidin və təqsirləndirilən Azərin müdaxiləsi ilə yoluna qoyulurdu. Təqsirləndirilən şəxsi yaxşı bir insan kimi tanımışam. Azərin heç vaxt qardaşım Rəşadın ailə işlərinə qarışmadığını bilirdim.

Lakin hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daim müdaxilə edib, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edir, tələbi yerinə yetirilmədikdə isə qızı Nigardan boşanmağı tələb edirdi. Hər dəfə Nigar anasının təhriki ilə evdən küsərək getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşım Rəşad Nigara bahalı qızıl-zinət əşyaları verirdi”.

Hüquqi varis qeyd edib ki, sonuncu dəfə Nigar onun qardaşından küsərək valideynlərinin evinə gedib:

“Bundan sonra Nigarın anası Şəhla Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratdı və Rəşad bundan bərk əsəbiləşdi. Hadisə də buna görə baş verib. Rəşad, ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüb. Azər də tüfəngdən atəş açaraq Rəşadı öldürüb. Məgər söyüşə görə adam öz nəvələrinin atasını öldürər?”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq sənədlərinə görə, Azər həbs olunana kimi Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər Rayon Təhsil Şöbəsinin məsləhətçisi işləyib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin cəzasının 14 ilə qədər artırılmasını istəyib. 

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. 

Qərara görə, şikayət təmin olunmayıb.  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir