Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik – FOTOLAR

Gündəm İdman

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. 1993-2003-cü illər ərzində Ulu Öndər Heydər Əliyev tərəfindən və son 17 il ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davamlı şəkildə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndirdikləri əraziləri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə azad etdi. Bu, həqiqətən də möhtəşəm bir tarixi qələbədir. Hərbi əməliyyatlar gedən dövr ərzində Ali Baş Komandan bütün dünya liderlərlərinə örnək ola biləcək qətiyyətli bir xarakter nümayiş etdirdi. Cənab Prezident Allaha olan sevgisini, Vətəninə, xalqına, ordusuna və hər bir əsgərinə olan sevgisini hər kəsə göstərdi. Torpaqlarımız azad olunandan dərhal sonra cənab Ali Baş Komandan həmin ərazilərdə Azərbaycanımızın müqəddəs üçrəngli bayrağını öpərək qaldırdı və xanımı ilə birlikdə bu torpaqlarda yerləşən, Allahın evi olan müqəddəs məscidlərimizi ziyarət etdi. Bununla da bütün dünya liderləri Allaha bağlılığın əsl nümunəsini gördülər.

Əlbəttə ki, bu qələbənin əsasını təmin edən ən vacib amillərdən biri əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və daha sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilmiş qüdrətli ordu quruculuğudur. Bu gün Azərbaycan Ordusu haqlı olaraq dünyanın ən güclü orduları sırasında yer alıb. Yalnız müasir silahlarla silahlanmış, yüksək texnologiyalarla təchiz olunmuş ordusu olan ölkə öz hüquqlarını müdafiə edə bilər.

Həmçinin Azərbaycanın tarixi qələbəsini təmin edən digər bir vacib amil də bu gün ölkəmizin günü-gündən artan beynəlxalq nüfuza sahib olmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bu illər ərzində müəyyən etdiyi xarici siyasi kurs, apardığı diplomatiya bütün dünyada Azərbaycanın dostlarının sayını artırıb, düşmənlərimizi isə bizdən çəkinməyə və bizimlə hesablaşmağa məcbur edib.

Eləcə də qələbəmizin əsasında duran ən vacib amillərdən biri də bu gün Azərbaycanda mövcud olan ümumxalq həmrəyliyi, xalq-iqtidar birliyidir. Məhz Azərbaycan xalqının öz Prezidenti ətrafında sıx birliyi, öz ordusuna göstərdiyi sonsuz dəstəyi sayəsində formalaşan dəmir yumruq döyüş meydanında düşmənin belini qırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin illər boyunca həyata keçirdiyi daxili siyasətin, effektiv iqtisadi və siyasi islahatların nəticəsi olaraq yaranmış bu birliyin qarşısında heç bir düşmən davam gətirə bilməz.

Əlbəttə ki, bütün bu amillərə rəğmən tarixi qələbəmiz bizə yenə də şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlamlığı bahasına başa gəlib. Bu qələbəyə görə biz hamımız şəhid və qazilərimizə borcluyuq. Məhz bu igid, qeyrətli oğullarımızın mərdliyi, şücaəti sayəsində bu gün biz hamımız möhtəşəm Qələbə sevincini yaşayırıq. Hamımız bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik! Bundan sonra əsrlər boyu, Azərbaycan var olduqca şəhidlərimizin əziz xatirəsi qəlbimizdə, qazilərimizin haqqı boynumuzda qalacaq!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Yaşasın cənab Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti
Cəsarət Əhmədov












Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir