Azərbaycan paralimpiyaçıları İstanbulda daha 4 medal qazanıblar

İdman

Bakı. Trend:

Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul
şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında daha
dörd medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, ikinci yarış
günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri
kürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə
yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı
Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl
medal qazanıb.




Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq)
mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli
rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq
turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da,
ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və
moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə
türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya
Oyunlarının bürünc medalını qazanıb.