“Formula 1” Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib (FOTO)

İdman

Bakı. Trend:

“Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə
hazırlıqlar çərçivəsində marşallar üçün ixtisaslaşdırılmış praktiki
təlimlər davam edir.

Trend xəbər verir
ki, növbəti təlim Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin
təşkilatçılığı ilə xüsusi olaraq simulyasiyalar əsasında
hazırlanmış trekdə həyata keçirilib.

Təlimlərin əsas məqsədi yarış zamanı təhlükəsizliyin təmin
olunması, risklərin minimuma endirilməsi və fövqəladə hallarda
operativ müdaxilə imkanlarının gücləndirilməsidir. “Formula 1” kimi
yüksək sürətli və texniki baxımdan mürəkkəb idman növündə
marşalların rolu əvəzolunmazdır. Onların hadisəyə operativ reaksiya
verməsi pilotların həyatı üçün həlledici ola bilər. Bu səbəbdən
onların peşəkar şəkildə hazırlanması hər il təşkil olunan
Azərbaycan Qran-Prisinin təhlükəsiz və uğurlu keçməsi baxımından
xüsusi əhəmiyyət daşıyır.




Təlim zamanı iştirakçılar real hadisələr üzərində qurulmuş
müxtəlif ssenarilər əsasında praktiki məşğələlərə cəlb olunublar.
Onlara pilotun təhlükəsiz şəkildə maşından təxliyəsi, yarışın
tezliklə bərpası üçün görüləcək tədbirlər, fərdi qoruyucu
vasitələrin düzgün istifadəsi və komanda şəklində çevik fəaliyyət
bacarıqları öyrədilir.

Hazırda 2025-ci il Azərbaycan Qran Prisinə hazırlıq prosesi tam
sürətlə davam edir və marşalların bu hazırlıqdakı rolu bir daha
vurğulanır. Bu kimi simulyasiya əsaslı təlimlər yarış zamanı yüksək
təhlükəsizlik standartlarının qorunmasına xidmət edir.