Dünya çempionatı: sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar

İdman

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatı
davam edir.

Trend xəbər verir
ki, yarışın beşinci günündə 48, 55, 65, 80 və 110 kq çəki
dərəcələrində sərbəst güləşçilər xalçaya çıxıblar.

48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə belaruslu
Makar Markoviç üzərində vaxtından əvvəl – 12:0 hesablı qələbə
qazanıb. Daha sonra özbəkistanlı Cahangir Tulkunova qarşı keçirdiyi
gərgin qarşılaşmada da üstün olan idmançımız bu görüşdən 4:2
hesablı qələbə ilə ayrılıb. Yarımfinalda amerikalı Ariah Millsə 2:7
hesabı ilə məğlub olan Rəvan sabah bürünc medal uğrunda Gürcüstan
təmsilçisi Giorgi Narimanidze ilə Rusiya güləşçisi İslam Rabadanov
arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

55 kq çəki dərəcəsində yarışan Ruslan Əlizadə moldovalı Dan
Bulqaru və kanadalı Aaharen Piranavan üzərində ardıcıl olaraq 10:0
hesabı ilə qələbə qazanıb. 1/4 finalda rusiyalı Çingis Sarıqlarla
qarşılaşan təmsilçimiz 6:1 hesabı ilə üstünlük əldə etsə də,
təşəbbüsü əldən verərək 8:9 hesabı ilə uduzub.




65 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn İsmayılov ilk
görüşdə kanadalı Liam Qortonu 4:2, ardınca yunanıstanlı
Konstantinos Mixailidisi 11:0 hesabı ilə məğlub edib. Daha sonra
qırğızıstanlı Adisbek Altınbekov üzərində 2:1 hesablı qələbə
qazanan güləşçimiz yarımfinalda qazaxıstanlı Yerali Askerbekə də
qalib gəlib – 3:1. Hüseyn sabah finalda ABŞ təmsilçisi Arseni
Kikinyovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində çıxış edən Nihad Süleymanlı debütdə
ermənistanlı Vaçe Aslanyanı 7:1 hesabı ilə məğlub edib. 1/4 finala
yüksəlməyə yaxın olan təmsilçimiz döyüşün son 3 saniyəsində
üstünlüyü əldən verərək rusiyalı İssa Zanqiyevə 5:7 hesabı ilə
uduzub.

110 kq-da yer alan Hakim Tağıyev yarışa güclü start verib. O,
belaruslu Mikita Tkaçiki vaxtından əvvəl – 10:0 hesabı ilə,
amerikalı Aleksander Teyloru isə 7:6 hesabı ilə məğlub edib. 1/4
finalda Avropa çempionu, rusiyalı Maqomedrasul Omarova 0:5 hesabı
ilə uduzan pəhləvanımız sabah təsəlliverici görüşdə mübarizə
aparacaq. Onun rəqibi Ermənistan təmsilçisi Laert Movsesyan və Çin
Taypeyi güləşçisi Yu Çuanq arasında keçiriləcək görüşün qalibi
olacaq.