
Bakı. Trend:
Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17
dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başa
vurub.
Trend Güləş
Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, son
yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə
aparıb.
Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı
Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2)
üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada
kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal
qazanıb.
Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı
Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub.
Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı
Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci
təsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova “tuş”la
uduzub.
Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir
İbişovdan güclü olub – 2:0. Avropa çempionumuz bürünc medal uğrunda
qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla
qalib gələrək dünya üçüncüsü olub.
Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim
Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.
Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə
qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri
qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci
yeri tutub.

