
Bakı. Trend:
“Formula 1” üzrə dünya çempionatının iştirakçıları Macarıstan
QP-dən sonra mövsümün yarısını arxada qoyublar.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, bu mərhələdən sonra
çempionatda 4 həftəlik yay fasiləsi başlayır.
Komandalar bu dövrdə iki həftəlik məcburi bağlanma rejiminə
keçirlər. Lakin bazalarda artıq 2026-cı ilin bolidlərinə
fokuslanılıb, mühəndislər ötən ay FİA-dan yeni texniki direktivləri
alıblar.
Budapeşt yaxınlığında yerləşən Hunqarorinq trası “stasionar
Monako” adlandırılır. Trasın dar və döngələrlə zəngin olması ötmə
imkanlarını məhdudlaşdırır. Əsas ötmə nöqtəsi DRS zonasının
sonundakı ilk döngədir, lakin burada belə ötmə üçün ciddi sürət
fərqi tələb olunur.
Cümə gününün məşqləri “McLaren” komandası üçün uğurlu keçib.
Tozlu asfalt üzərində ilk dövrələrdə bolidlər trası təmizləsə də,
sonradan sürət artımı müşahidə olunub. Hər iki sessiyada Lando
Norris komanda yoldaşı Oskar Piastrini cüzi fərqlə qabaqlayıb.
Şənbə günü Piastri ən sürətli olub. Sıralanma turuna əsas
favoritlər “McLaren” sürücüləri göstərilsə də, sürpriz nəticə qeydə
alınıb. “Ferrari”nin sürücüsü Şarl Lekler poul qazanaraq mövsümdə
ilk, karyerasında isə 27-ci pouluna imza atıb. Onun yanında Piastri
start alıb.
İkinci cərgədə Norris və Corc Rasl, üçüncü cərgədə isə hər iki
“Aston Martin” sürücüsü yer alıb.
Yarış günü səhər yağış yağsa da, start zamanı hava quru olub.
Lekler liderliyini qoruyub, Piastri ikinci yerdə qalıb. Norris isə
iki mövqe itirib. Sonradan Alonso üzərində üstünlük qazansa da,
Raslı ötməkdə çətinlik çəkib. Buna görə də o, alternativ
strategiyaya keçərək trasda daha uzun müddət qalmağa üstünlük
verib.
İkinci pit-stop dalğasından sonra Norris yenidən liderliyi ələ
alıb. Arxasında isə Piastri və Rasl gəlirdilər. Gənc avstraliyalı
son 10 dövrəni DRS məsafəsində keçirsə də, Hunqarorinqdə ötmə şansı
əldə edə bilməyib.
Yekunda Lando Norris mövsümdə 5-ci, karyerasında 9-cu qələbəsini
qazanıb. Bu, “McLaren” tarixində 200-cü qələbədir. Komanda yoldaşı
Piastri 2-ci yeri tutaraq ardıcıl 4-cü (mövsümdə 7-ci) dublu təmin
edib. Hər iki sürücü mövsümdə 12-ci dəfə podiuma yüksəlib. Podiumu
tamamlayan isə Corc Rasl olub.
Lekler 4-cü, Alonso və Stroll isə müvafiq olaraq 5-ci və 7-ci
yerləri tutublar. Onların arasında “Sauber”in debütantı Qabriel
Bortoleto 6-cı yeri tutaraq karyerasının ən yaxşı nəticəsini
göstərib.
Louson və Ferstappen ilk onluqda qərarlaşıb, onluğu isə
“Mercedes”in debütantı Antonelli tamamlayıb.
Çempionatda lider Oskar Piastridir – 284 xal. Lando Norris ondan
9 xal geri qalır. Üçüncü yerdə 187 xalla Ferstappen, dördüncü yerdə
isə Rasl qərarlaşıb. Mühəndislər Kubokunda “McLaren” 559 xalla
liderdir. “Ferrari” (260), “Mercedes” (236) və “Red Bull” (194) isə
ikinci yer uğrunda mübarizə aparır.
Çempionat yay fasiləsinə çıxıb. Növbəti yarış Niderlandda
keçiriləcək.