
Bakı. Trend:
II Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək
klubların sayı müəyyənləşib.
Peşəkar Futbol Liqasından Trend-ə verilən məlumata görə, turnir 12 komandanın
iştirakı ilə keçiriləcək.
“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan
xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə
iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın
2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə
təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə
tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər
tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri
tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.
Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region
Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını
nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki,
2025/26 mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya
yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda
ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region
Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq.
Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya
vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq,
2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan
ibarət pley-off oyunu keçirəcəklər.
2025-2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarət
olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha
sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.
Məlumat üçün bildirək ki, II Liqa üçün nəzərdə tutulmuş maliyyə
12 klub arasında bərabər bölünəcək.
Qeyd edək ki, II Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr
tarixində başlayacaq.