“Zirə” – “Araz Naxçıvan” oyununun vaxtı dəyişdirildi

İdman

Bakı. Trend:

Premyer Liqada 1-ci turun “Zirə” – “Araz Naxçıvan” matçının
vaxtı dəyişdirilib.

Trend xəbər
verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.




Qeyd olunub ki, “Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına müraciət
ünvanlayıb. Müraciətdə bildirilir ki, UEFA Konfrans Liqasının 3-cü
təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə
keçiriləcək görüşdən sonra komanda vətənə uçuş biletlərinin
saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən
nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq. Bu səbəbdən “Araz-Naxçıvan”
“Zirə” FK ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün
ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan
görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu
nəzərə alaraq Peşəkar Futbol Liqası qarşılaşmanın 19 avqust saat
20:00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə
qərar verib.