Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq

İdman

Bakı. Trend:

Avqustun 22-də start götürəcək Bundesliqanın 2025-2026-cı il
mövsümünün oyunlarında hər hissənin sonuna əlavə olunan dəqiqələr
artırılacaq.

Trend xəbər verir ki, yeni
qərara əsasən, qarşılaşmalarda vaxt itkisi artıq daha dəqiq
hesablanaraq, hər hissənin sonuna əlavə olunacaq. Yeni qaydanın
ikinci və üçüncü liqalarda artıq tətbiqinə başlanılıb. Nəticədə
həmin liqaların oyunlarında hər hissənin sonuna əlavə edilən vaxtın
xeyli artdığı müşahidə edilib.




Alman Futbol Federasiyasının (DFB) hakimlər komitəsinin rəhbəri
Knut Kirxer bu artımın Bundesliqanın oyunlarında da müşahidə
ediləcəyini bildirib. O, hazırda topun oyunda qaldığı müddətin orta
hesabla 60 dəqiqəyədək olduğunu ifadə edərək, vaxtın artacağını
qeyd edib.

Matçlardakı vaxt itkisi VAR otağındakı hakim tərəfindən
hesablanır və qarşılaşmanın baş hakiminə ötürülür. İtirilən vaxtın
daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə edilməsi 2022-ci
il dünya çempionatında sınaqdan keçirilib. Həmin vaxtdan sonra bu
sistem İngiltərə Premyer Liqasında da tətbiq olunub.