Azərbaycan Premyer Liqasında son 10 ildə ilk dəfə baş verib

İdman

Bakı.Trend:

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı heç-heçələrlə
zəngin olub. I turun baş tutan 5 oyununda üçü sülhlə
nəticələnib.

Trend PFL-ə
istinadən xəbər verir ki, “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” –
“Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı
qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10
mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub.
Həmin vaxt da 5 matç baş tutub. Startda daha çox heç-heçəyə sonuncu
dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün
dördündə qalib müəyyənləşməyib.




Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub.
Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında
ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm
2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.